- Əlilliyin müəyyən edilməsi üçün vətəndaş yaşayış yeri üzrə poliklinikaya müraciət etmәlidir. Zəruri olan sənədlərin toplanması üçün poliklinika tərəfindən səhiyyə müəssisələrinə göndərişlər verilə bilər. Məlumatlar toplandıqdan sonra müraciət poliklinika tərəfindən elektron qaydada Tibbi Sosial Ekspertiza və Reabilitasiya alt sisteminə göndərilir.
***
- Smart sayğacın ekranında Alarm 3, Alarm 5, FO 44 yazılıbsa, hansı addım atılmalıdır?
- Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər.
1. Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.
2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.
3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.
4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.
5. Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.
***
- Xarici universitetlərin diplomlarının tanınmasına görə nə qədər xidmət haqqı tələb olunur?
- Bu məsələ 2020-ci ilin dekabrında baş nazirin “Xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nin təsdiq edilməsi barədə qərarında öz əksini tapıb. Belə ki, həmin qərara əsasən, xarici dövlətlərin xarici ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizanın keçirilməsi üzrə bir xidmətin haqqı 250 manat məbləğində, xarici dövlətlərin xarici təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üçün xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib.
***
- Fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilərmi?
- Müvafiq qanunvericiliyə əsasən, verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozmağa görə fiziki şəxsin həmin hüququ iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz. Balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində 10 və daha çox bal topladıqda, inzibati cərimə tətbiq edilmədən onların, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılır.
***
- Məzuniyyətdə olan işçiyə əlavə sosial-məişət müavinətləri ödənilə bilərmi?
- Əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir. Müvafiq icra hakimiyyəti orqanı, həmçinin işəgötürən və ya işəgötürənlərin nümayəndəli orqanı işçilərə məzuniyyət vaxtı üçün nəzərdə tutulmuş ödənclərin, yardımların verilməsini tənzimləyən qaydalar hazırlayıb qəbul edir.